Kardeş Medyasında Ses Getirdi

Kardeş Medyasında Ses Getirdi

Denizli'de Hocalı Soykırımında hayatlarını kaybeden kardeşlerimiz için yapılan anma töreni kardeş Azerbaycan medyasında geniş yer aldı.Konferansa katılan Prof.Adalet Tahirzade Denizli'deki anma törenini köşe yazısı olarak kaleme aldı.

A+A-

Bakı Avrasiya Universitetində kafedradaşım, Azərbaycanda əksər aydınların yaxşı tanıdığı görkəmli jurnalist və filoloq alim Seyfəddin Altaylı fevralın ortasında mənə bildirdi ki, qardaş Türkiyənin Dənizli şəhərindən "Xocalı Çalışma Qrupu" bizim ikimizi ayın 26-27-də həmin şəhərdə Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş önəmli tədbirlərə qatılmağa dəvət edib. 

Əlavə etdi ki, ayın 27-də Xocalı soyqırımı ilə bağlı məruzə də etməliyik. Söhbət Xocalıdan getdiyinə görə, əlbəttə, tərəddüdsüz razılaşdım.

Şənbə günü - ayın 25-də Bakıdan İstanbula, oradan da Dənizliyə uçduq. İstanbulda 5 saata yaxın vaxtımız vardı. Fürsətdən yararlanıb, orada magistraturada oxuyan gənc araşdırıcı dostumuz Dilqəm Əhmədlə görüşdük.

İstanbuldan gələn təyyarələr Dənizlinin Çardak qəsəbəsindəki hava limanına enir, oradan da Dənizliyə 52 kilometrlik yol ya avtobusla, ya da taksi və özəl arabalarla gedilir. Biz də özəl müsafir kimi rahat bir taksidə axşam üstü Dənizliyə yetişdik.

Otelimizə girməzdən öncə gördüyümüz ilk şey qarşı tərəfdəki nəhəng xoruz heykəli oldu. Düz Dənizli Böyükşəhər Bələdiyyəsinin binası qarşısında ucaldılmış bu heykəl bütünlüklə şüşədən hazırlanıb. Sən demə, xoruz dənizlilərin simvolu imiş və onu hətta şəhərin gerbində də əks etdiriblər. Bizə bildirdilər ki, hələ ən qədim zamanlardan Dənizli xoruzunun dünyada ən uzun (26 saniyə) banlayan xoruz olması tarixi əsərlərə düşüb.

Bizi çox mehribanlıqla qarşılayan "Xocalı Çalışma Qrupu"nun başqanı Sədat Sərdaroğlu və qrupun yaxın köməkçilərindən biri, təqaüdçü müəllim İslam Günəş Türkiyə Eyitim Vakfı (TEV) Anadolu liseyi şagirdlərinin əməyi sayəsində Xocalı faciəsinin 25 illiyi ilə bağlı xeyli iş görüblər. Qrup "25-ci ilində Xocalı Soyqırımı" adlı 16 səhifəlik rəngli ayrıca buraxılış nəşr etdirib, Xocalıda törədilmiş erməni-rus vəhşiliyini əyani şəkildə göstərən sərginin hazırlanmasına da xeyli zəhmət çəkib. Bundan başqa, o, Dənizlidəki məşhur Pamuqqala Universitetinin Qurultay və Kültür Mərkəzinin böyük salonunda geniş proqramlı anım tədbiri hazırlayıb və bizim çıxışımız da orada ayrıca paneldə olacaq. 

XOCALI SOYQIRIMI ABİDƏSİ ÖNÜNDƏ 

"Xocalı Çalışma Qrupu"nun üzvləri ilə birgə bugünkü rəsmi anım tədbirinə getmək üçün səhər Dənizli Böyükşəhər Bələdiyyəsinin qarşısında, xoruz heykəlinin qarşısına getdik. TEV Anadolu liseyinin şagirdləri də gəldilər. Seyfəddin Altaylı və mən Sədat bəy və İslam bəylə bir arabada Xocalı soyqırımı abidəsinə yola düşdük.

Xatırlatmağı gərəkli sayıram ki, bu abidənin qoyulmasının təşəbbüsçüsü və bütün zəhmətini çəkən də Sədat Sərdaroğlu və onun yaratdığı "Xocalı Çalışma Qrupu" olub. Sədat bəy bizə bildirdi ki, bu məqsədlə başda Böyükşəhər Bələdiyyəsi olmaqla hansı qapını döyüblərsə əliboş qayıtmayıblar və hamı onların təşəbbüsünü bəyənməklə qalmayaraq maddi və mənəvi dəstək də göstərib. Onlar Dənizli ilinin (vilayətinin), demək olar ki, bütün ali vəzifə sahiblərinin abidənin açılışında iştirakına nail olublar. Bir neçə il öncəki anım mərasiminə Azərbaycandan millət vəkili Qənirə Paşayeva da gəlibmiş.

Biz abidənin yanına çatanda hələ rəsmilərdən kimsə gəlməmişdi, o üzdən də ərazi ilə ilk tanışlığa imkanımız oldu. Öyrəndik ki, abidə ümumi sahəsi 14 hektar olan Azərbaycan Qarabağ Parkında ucaldılıb. Bu park isə Böyükşəhər Bələdiyyəsi Məclisinin qərarı ilə salınıb.

Bir azdan, iki-üç dəqiqə aralıqla rəsmi şəxslər abidə qarşısına təşrif buyurdular.

Mərasimə Türkiyənin kökcə Dənizlidən olan iqtisadiyyat naziri Nihat Zeybəkci, Dənizli valisi Əhməd Altıbarmaq, Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan, il (vilayət) jandarma komutanı Çingiz Yıldız, il əmniyyət (polis) müdiri Mövlud Dəmir, Pamuqqala bələdiyyə başqanı Hüseyn Gürlesin, Mərkəzəfəndi bələdiyyə başqanı Mühəmməd Subaşıoğlu, Bakı Avrasiya Universitetindən professor Ədalət Tahirzadə, dosent Seyfəddin Altaylı, Türkiyənin müxtəlif siyasi partiyalarının təmsilçiləri, tələbə və şagirdlər qatılmışdılar. Adları çəkilən rəsmi şəxslərin hər biri tədbir başlamazdan öncə bizimlə görüşüb Azərbaycana ən xoş arzularını yetirdilər, daim Azərbaycanın yanında olduqlarını bildirdilər.

Xocalı soyqırımının 25-ci ildönümünün anma mərasimi təxminən saat 11-də Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlandı. Öncə Böyükşəhər Bələdiyyə başqanı O.Zolan abidə önünə çələng qoydu və giriş nitqi söylədi. Sonra vali Ə.Altıbarmaq və iqtisadiyyat naziri N.Zeybəkci Xocalı soyqırımı ilə bağlı öz fikirlərini söylədilər. Özəlliklə Zeybəkcinin çıxışı əhatəli oldu. O, Xocalı soyqırımını Türkiyədəki 15 iyul hadisələri ilə bağladı, düşmənlərimizin də, taleyimizin də eyni olduğunu bildirdi.

Tədbir bitdikdən sonra "Xocalı Çalışma Qrupu"nun rəhbərləri və şəhər bələdiyyəsinin məsul işçiləri ilə Azərbaycan Qarabağ Parkını gəzdik. Park magistral yol boyunca zolaq şəklində uzanır və aşağı tərəfi yeni tikilmiş böyük bir camedə bitir. Xocalı soyqırımı abidəsinin arxasında çoxmərtəbəli nəhəng bir lisey binası inşa edilir və yəqin ki, onun tikintisi yaxın zamanda başa çatacaq. Həmin ərazidə başqa mühüm obyektlər də tikilməkdədir. Bunlar hazır olduqdan sonra Qarabağ Parkının ərazisi, sözsüz ki, şəhərin ən görkəmli yerlərindən birinə çevriləcək. 

ŞAGİRDLƏRƏ QƏDİM TÜRK RƏQSLƏRİ ÖYRƏDİLİR 

Park ərazisi ilə ümumi tanışlıqdan sonra Dənizli Böyükşəhər Bələdiyyəsində  kültür və sosial işlər dairə başqanı Xudaverdi Otaklının dəvəti ilə xalq rəqsləri topluluğunda olduq.

Burada müxtəlif yaş qruplarındakı məktəb şagirdlərinin rəqs məşğələlərinə baxdıq. Azərbaycan oxucusuna bildirim ki, Dənizli Bələdiyyəsi 800-ə yaxın şagirdi pulsuz rəqs dərnəklərinə, kurslarına cəlb edib və onlara məşq üçün yer ayırıb. Bələdiyyə rəqqas şagirdlərin geyimlərini də təmin edir. Bələdiyyənin seçdiyi peşəkar-professional rəqqaslar həmin şagirdlərə qədim efe və zeybək türk rəqslərini öyrədirlər. Çox mürəkkəb quruluşu rəqsləri şagirdlər gözlərimiz önündə əla oynadılar. Şəxsən mən onların oyunundan böyük zövq aldım və Dənizli Bələdiyyəsinin bu çox önəmli işindən razı qaldım, çünki qədim rəqslər milli mənəviyyatın, el ruhunun mühüm bir parçasıdır.

Yeri gəlmişkən, Xudaverdi bəy şikayətləndi ki, biz hər il Dənizlidə Qafqaz rəqsləri festivalı təşkil edirik, ancaq hər dəfə çağırmağımıza baxmayaraq yalnız Azərbaycandan rəqs qrupları gəlmir. Başımı aşağı salmaqdan başqa nəyə gücüm çatırdı ki?!  

PAMUQQALADA VƏ SƏRGİ SALONUNDA

Günortadan sonra "Xocalı Çalışma Qrupu"nun başqanı Sədat Sərdaroğlu və İslam Günəşin təşəbbüsü ilə Pamuqqalaya getdik. Həm dünyanın 8 nadir təbiət möcüzəsindən biri olan Pamuqqalanı, həm də onun lap yanındakı qədim Hierapolis şəhərinin qalıqlarını ziyarət etdik. Mənim oraya 2013-cü ildəki səfərimdə gur turist axını vardı. Ancaq Rusiya ilə təyyarə münaqişəsindən və terror hadisələrindən sonra Türkiyəyə turist axınının kəskin azalması burada da özünü açıq-aydın göstərirdi. 

Pamuqqaladan dönüncə Dənizli Böyükşəhər Bələdiyyəsi A.R. Turan Bahadır sərgi salonu və qalereyasına baş çəkdik. Geniş zalda müxtəlif fotoqrafların çəkdiyi sənət əsərləri sərgilənirdi. Burada olduqca maraqlı fotolar vardı. Sərgi salonunun müdiri, eyni zamanda bir neçə fotonun müəllifi Zəki Akakça ilə tanış olduq. Güclü sənətkardır! "Dənizlinin rəngləri" adlı fotoalbomunu bizə bağışladı.

Axşama doğru ziyarət etdiyimiz yerlərdən biri də Dənizli Böyükşəhər Bələdiyyəsi El Becəriləri Kurs Mərkəzi və Kültür Evi oldu. Bina bələdiyyənin olsa da bu Kültür Evinin içini İslam Günəşin əl işləri və onun yaratdığı kitabxana bəzəyir. Xatırladıram ki, kökcə Azərbaycan türklərindən olan İslam bəyin babası vaxtilə İğdırdan Dənizliyə gəlib. İslam bəy uzun illər müəllim işləyib və indi təqaüddədir, ancaq şəhər bələdiyyəsi ilə yaxın əlaqə saxlayır. Onun yaratdığı bu gözəl elm, incəsənət və istirahət ocağında Azərbaycanla bağlı çox şey var. 

BƏLƏDİYYƏ, YOXSA ELMLƏR AKADEMİYASI?! 

Ayın 27-də gördüyümüz ilk iş Dənizli Böyükşəhər Bələdiyyəsinin dairə başqanı Xudaverdi Otaklını ziyarət etmək oldu. Onun kabinetində Azərbaycanın İstanbuldakı konsulunun müavini, əslən Qəbələ rayonunun Vəndam kəndindən olan Yadulla Paşayevi görüncə sevindik. İxtisasca şərqşünas olan və indiyədək başqa ölkələrdə də diplomatik işdə çalışmış Yadulla bəy də İstanbuldan təyyarə ilə Pamuqqala Universitetində keçiriləcək tədbirə qatılmaq üçün gəlmişdi. Azərbaycanı rəsmi dövlət nümayəndəsinin təmsil etməsi burada hər kəsi, hamıdan çox isə "Xocalı Çalışma Qrupu"nu məmnun etmişdi.

Xudaverdi bəy bizi Dənizlinin tarixi və bələdiyyənin xalq sənətlərinin inkişafına dəstəyi ilə tanış etdi. Ancaq bu məsələyə keçməzdən öncə xatırladım ki, şəhərdəki gəzintilərimiz zamanı çox yerdə Bələdiyyə başqanı Osman Zolanın portretləri yanında "Söz vermişdik, yapdıq" və "Söz vermişdik, yapırıq" yazılmış iri lövhələri görmüşdük. Həmin lövhələrdən aydın olurdu ki, Dənizli Bələdiyyəsi Osman bəyin başqanlığı dövründə şəhər həyatında böyük önəmi olan 121 mühüm layihəni gerçəkləşdirməyi (yollar, körpülər, bağlar və b.) öz üzərinə götürüb və onların xeyli hissəsi artıq xalqın istifadəsinə verilib. Başqa sözlə, Bələdiyyə xalqın rifahını yaxşılaşdıracaq çox ciddi abadlıq işləri ilə məşğuldur. Ancaq nə gizlədim, Seyfəddin bəylə məni bir elm adamı olaraq daha çox Bələdiyyənin kitab nəşri sahəsindəki fəaliyyəti maraqlandırdı.

Azərbaycan oxucusuna inandırıcı gəlməyə də bilər, ancaq Dənizli Böyükşəhər Bələdiyyəsinin 2006-2016-cı illər arasında, yəni son 10 ildə yazdıraraq nəşr etdirdiyi 111 kitabın siyahısı ilə tanış olduqda heyrətə gəldik! Bələdiyyənin sifariş verərək yazdırdığı, yaxud müxtəlif alimlərin yazaraq təqdim etdikləri hazır əsərlərin hamısı Dənizliyə aiddir! Onların əksəriyyəti ümumən Dənizli ilinin (vilayətinin) tarix, mədəniyyət, təbiət və çağdaş sosial həyatına, Dənizlinin Türkiyəyə verdiyi görkəmli insanlara... həsr edilsə də bu torpaqda yetişmiş onlarca şair və yazıçının müxtəlif janrlı əsərləri də az deyil. Pamuqqala Universitetində çalışanların və başqa alimlərin əməyinin məhsulu olan və yüksək elmi səviyyədə yazılmış bu kitablarla nəinki tanış olduq, hətta onların bir çoxunu bizə hədiyyə də etdilər. Həmin əsərlər arasında Dənizli tarixinə dair əski sənədlər topluları, Dənizlidəki ilk qəzetlər və ilk teatr əsərləri, Dənizlinin nüfus (əhali) tarixi, turizm məkanları, yeməkləri, hətta quşları (179 növ quş təsvir edilib), kəpənəkləri (100 adda kəpənək təsvir olunub)... haqqında ən müasir poliqrafik səviyyədə xeyli ciddi əsəri nəşr edilib (Bələdiyyənin öz mətbəəsində!). İstər-istəməz adamın gözləri önündə sanki bir Elmlər Akademiyasının, yaxud bütöv bir Elmi-tədqiqat İnstitutunun gördüyü elmi iş canlanır. İnanmaq istəmirsən ki, Bələdiyyə birbaşa vəzifələri ilə yanaşı, bu cür ən yüksək səviyyəli elmi maarifləndirmə işi də aparır! Ancaq Azərbaycan icra hakimiyyətlərinin alimlərə və elmə münasibətini xatırlayınca Dənizliyə həsəd aparmamaq olmur... 

PAMUQQALA UNİVERSİTETİNDƏ XOCALI SƏRGİSİ  

Dənizlidəki Pamuqqala Universitetinin 15 fakültəsi, 5 institutu, 4 yüksək okulu (ali məktəbi), 12 məslək yüksək okulu (peşə ali məktəbi) var və burada 80 minədək tələbə oxuyur. Onun möhtəşəm Qurultay və Kültür Mərkəzinin birinci qatında "Xocalı Çalışma Qrupu"nun hazırladığı Xocalı soyqırımı ilə bağlı çox təsirli bir sərgi təşkil edilmişdi. Burada Qrup üzvləri olan lisey şagirdlərinin Sədat Sərdaroğlunun rəhbərliyi altında hazırladığı yandırılmış evlərin, məhv edilmiş insanların maketləri, çoxlu fotolar faciənin dəhşətləri haqqında əyani təsəvvür yaradır. Hər iki-üç addımdan bir iki şagird sərgiyə gələnlərə soyqırımın fərqli məqamlarını anladır. Mənim diqqətimi cəlb edən Rusiyanın "Literaturnaya qazeta" qəzetinin müxbiri Zori Balayanın və Ermənistanın indiki prezidenti Serj Sarkisyanın fotoları arasında Balayanın bu cümləsi oldu: "Əsgərlərimiz 13 yaşında bir türk çocuğunu pəncərəyə mismarlamışdı. Dərisini soyub saata baxdım. Türk çocuğu 7 dəqiqə sonra öldü".

Sərgiyə böyük maraq vardı. Universitet tələbələri və orta məktəb, lisey şagirdləri kütləvi şəkildə gəlirdilər. Salonun başında tələbələrdən ibarət musiqi heyəti "Sarı gəlin" və başqa Azərbaycan havaları çalırdı.

Ancaq sərginin ən təsirli eksponatlarından biri Türkiyənin məşhur romançılarından biri Həsən Kallimcinin qızı Fəriştə xanımın yağlı boya ilə çəkdiyi çox böyük Xocalı faciəsi tablosu idi. Həmin rəsm əsərini konsulun müavini Yadulla Paşayev də bəyəndi.

Yeri gəlmişkən, elə sərgidəcə Pamuqqalanın Azərbaycandan olan tələbələri bizə yaxınlaşıb tanış olurdular. Onlar ən müxtəlif fakültələrdə oxuyurdular. 

BÖYÜK ZALDA ANIM TƏDBİRİ 

Saat 3-də Universitetin təxminən 5 yüz nəfər tutan böyük zalında "Xocalı Çalışma Qrupu"nun təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyini anma mərasimi keçirildi. Mərasimə Bələdiyyə başqanı Osman Zolan, Azərbaycan konsulunun müavini Yadulla Paşayev, Pamuqqala kaymakamı Xeyrəddin Balcıoğlu, il (vilayət) milli təhsil müdirinin müavini Hüseyn Başgün, ilçə (rayon) milli təhsil müdiri Rəşad Ərdoğan, çoxlu tanınmış ziyalı, Universitetin müəllim və tələbələri qatılmışdı. Vali gəlməyə söz versə də vacib işi çıxdığından, imkan edə bilməmişdi. Protokola uyğun olaraq Azərbaycan nümayəndələri Bələdiyyə başqanının yanında əyləşmişdilər.

Böyük zal ağzınadək dolmuşdu.

Mərasim şəhidlərin ruhuna sayğı duruşu və Türkiyənin İstiqlal marşının oxunması ilə başlandı.

"Xocalı Çalışma Qrupu"nun başqanı Sədat Sərdaroğlu və TEV Anadolu liseyinin müdiri Fevzi Yetik təqdim və təşəkkür çıxışları etdilər. Sonra söz Dənizli Böyükşəhər Bələdiyyə Başqanı O.Zolana verildi və o, Xocalı faciəsi haqqında düşüncələrini paylaşdı.

"Xocalı Çalışma Qrupu"nun  keçən ildən bu ilədək gördüyü işlər haqqında hesabat şəkilli bir slayd göstərildi.

Musiqi müəllimi Əminə Çivi Azərbaycan mahnılarını oxudu. Onun mahnıları arasında iki şagird səhnəyə çıxdı. Azərbaycan bayrağına bürünmüş qız Şəkidə yaşayan görkəmli ədib Vaqif Aslanın, Türkiyə bayrağına bürünmüş ikinci qız isə romançı Həsən Kallimçinin bir-birinə yazdıqları türk dünyası ilə bağlı həsrət və düşüncələrini ifadə edən iki şeiri oxudular.

V.Aslan dostu H.Kallimciyə 5 bəndlik şeir yazıb göndərib: 

Mən bu dərdi udamadım, ay Hasan!

Göz yaşımı tutamadım, ay Hasan!

Qafqazlarda budaq-budaq budandım,

Budayanı budamadım, ay Hasan!.. 

H.Kallimci isə ona 9 beytlik belə cavab verir: 

Alev topu dertler, bizi çok gerdi;

Ağlattı, inletti, yerlere serdi.

Kişi, kardeşiyle paylaşır derdi;

Görüşelim, konuşalım, ay Vaqıf!

Derdimizi paylaşalım, ay Vaqıf!..

Bundan sonra Xocalı qətliamı paneli başlandı. Pamuqqala Universitetinin müəllimi, paneli idarə edəcək dos. Süleyman Solmaz məruzə etmək üçün məni və Seyfəddin bəyi səhnəyə dəvət etdi.

Mənim mövzum Xocalı soyqırımında Rusiya faktoru idi. Məruzəmdə 1805-ci ildən üzübəri rusların Qafqazda və Azərbaycanda ermənilərdən necə yararlanması tarixinə toxundum və Türkiyə ilə Azərbaycanın qardaşlığı məsələsindən də söz açaraq Azərbaycan türklərinin Türkiyədə "azəri" adlandırılmasına etirazımı bildirdim.

Dosent Seyfəddin Altaylının da çıxışı böyük maraqla qarşılandı. O, Xocalı soyqırımı zamanı baş vermiş bir çox dəhşətli hadisəni təsvir edərkən zal sanki donaraq diqqətlə qulaq asırdı.

Məruzələr bitdikdən sonra Süleyman bəy də daxil, üçümüzə də plaket (təşəkkür bəlgəsi) verildi.

Ən sonda Dənizlinin mühüm vəzifəliləri ilə yanaşı, çoxlu tələbə və şagird də bizimlə birgə şəkil çəkdirdi.

Bununla da Dənizlidəki 2 gün çəkən Xocalı soyqırımı anımı başa çatdı.

 

Ədalət TAHİRZADƏ 

Bakı Avrasiya Universitetinin professoru 

HABERE YORUM KAT

UYARI: Küfür, hakaret, rencide edici cümleler veya imalar, inançlara saldırı içeren, imla kuralları ile yazılmamış,
Türkçe karakter kullanılmayan ve büyük harflerle yazılmış yorumlar onaylanmamaktadır.